Narkomaniyaya qarşı mübarizədə analara çağırış

Narkomaniyanı “ağ ölüm” adlandırırlar. Amma bu qorxunc ad belə təəssüf ki, insanların ondan istifadəsinə mane olmur. Əvvəllər kişilərin daha çox meyl etdiyi narkotiklərdən bu gün qızların, qadınların da istifadə etdiyinin şahidi oluruq.

Narkomaniyaya qarşı mübarizədə analara çağırış
A+ A-

 

Narkomaniyanı “ağ ölüm” adlandırırlar. Amma bu qorxunc ad belə təəssüf ki, insanların ondan istifadəsinə mane olmur. Əvvəllər kişilərin daha çox meyl etdiyi narkotiklərdən bu gün qızların, qadınların da istifadə etdiyinin şahidi oluruq. Ölkəmizdə rəsmi qeydiyyata alınan narkomanların arasında qadınların sayı artmaqda davam edir və qeyd etməliyəm ki, qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq kişilərlə müqayisədə nisbətən daha tez formalaşır. Qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti 2 aydır.
 
Narkomaniyaya qarşı mübarizədə analara çağırış
Son illərdə isə yeniyetmə gənc və qızların da narkotikdən istifadəsi bizi valideyn olaraq çox narahat edir. Bunun qarşısının alınması üçün düşünürəm ki, məktəblərdə, ali təhsil müəssisələrində maarifləndirici tədbirlər keçirilməli, seminarlar təşkil edilməli, televiziyalarda maarifləndirici verilişlərdə bu kimi mövzulara daha çox yer ayrılmalı, ekspert fikirlərilə yanaşı, real həyat hekayələri insanlara çatdırılmalıdır.
 
Əsas da bu işdə valideyn və psixoloqlar birlikdə iş aparmalıdırlar. Bilirik ki, evdə uşaqların tərbiyəsi ilə daha çox analar məşğul olur, uşaqlarla onlar daha çox vaxt keçirir. Amma təəssüf ki, bəzən anaların məlumatsızlığından , bəlkə diqqətsizliyindən, uşaqda baş verən dəyişikliyə vaxtında reaksiya verməməkdən bir müddət sonra valideyn artıq hər şeyin gec olduğunu, artıq çox sevdiyi övladının narkotik aludəçisi olduğunu öyrənir. Ona görə də analar övladlarına qarşı çox diqqətli olmalıdırlar. Uşaqların evdən kənarda harada və kiminlə vaxt keçirdiyini bilməli, evə gələndə uşağın qeyri-normal hərəkətini gördükdə nəzarətdə saxlamalı, lazım olduqda psixoloqla danışmalıdır. Çünki, əfsuslar olsun ki, çox gözəl, nümunəvi bir ailənin övladı da bu bəlaya düçar ola bilər. Tərbiyəli, məktəbdə çalışqan olan uşaq da düşdüyü mühitin, dost saydığı birinin təsirindən bu tələyə düşə bilər.
 
Əziz valideynlər, övladlarınıza sağlam həyat tərzini aşılayın, uşaqlar adətən onlara deyiləni deyil, gördüklərini təkrarlayırlar. Əgər biz özümüz pis vərdişlərdən, siqaret, spirtli içki, ən sadə ağrıkəsici dərmanlardan istifadə etməriksə və uşaqlarımızı daha çox idmana, rəsmə, musiqiyə cəlb edəriksə, inanıram ki, onlar da pis vərdişlərdən uzaq olarlar. Odur ki, əziz analar Dünya narkotiklə mübarizə aparan idmançılar federasiyasının loqosunda olduğu kimi, gəlin övladlarımızı qucaqlayaq, onları bu bəladan qoruyaq. Biz qızlarımızı qoruyaraq genofondumuzu, oğlanlarımızı qoruyaraq Vətənimizin müdafiəsini, ümumiyyətlə isə cəmiyyətimizi qorumuş olacayıq.
 
Hörmətlə, Gülnarə Məlikova
Dünya narkotiklə mübarizə aparan idmançılar federasiyasının Azərbaycan nümayəndəliyinin katibi